Keçid linkləri

2025, 08 İyun, bazar, Bakı vaxtı 15:34

'Reuters' Ukraynanın sülh təkliflərini dərc edib


Müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti İstanbulda. 16 may 2025
Müdafiə naziri Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti İstanbulda. 16 may 2025

"Reuters" Ukrayna tərəfinin sülh təklifinin tam mətnini dərc edib. Kiyev nümayəndə heyəti bu təklifləri bu gün, iyunun 2-də İstanbulda Rusiya ilə aparılacaq danışıqlarda təqdim etməyi planlaşdırır.

Jurnalistlərin tanış olduğu sənəddə beş paraqraf yer alır: "Sazişin əsas prinsipləri və danışıqlar prosesi", "Növbəti addım - atəşkəs rejiminin və liderlərin görüşünün gündəliyinin razılaşdırılması", "Atəşkəs", "Etimadın möhkəmləndirilməsi tədbirləri" və "Liderlərin görüşü".

Birinci paraqrafda danışıqların prinsipləri sadalanır. Xüsusilə havada, quruda və dənizdə ən azı 30 gün müddətinə tam və qeyd-şərtsiz atəşkəsin təmin olunmasından bəhs olunur. Atəşkəs rejiminə ABŞ-nin rəhbərliyi altında üçüncü ölkələrin iştirakı ilə nəzarət ediləcəyi gözlənilir.

Sənəddə həmçinin "hamının hamıya" prinsipi üzrə əsir mübadiləsi təklifi də yer alır.

Bundan əlavə, "Reuters" bildirir ki, mətn Ukraynanın neytrallıq statusundan imtinasını nəzərdə tutur, ölkənin Avropa İttifaqına və NATO-ya üzv olması imkanını ehtiva edir. Sənəddə ordunun say tərkibinə və yerləşdirilməsinə heç bir məhdudiyyət qoyulmur, eləcə də Ukrayna ərazisində xarici qoşunların mövcudluğu nəzərdə tutulur.

Sənəd ərazi məsələlərinin yalnız tam atəşkəsdən sonra müzakirə edilməsini təklif edir. Beynəlxalq ictimaiyyət isə 2014-cü ildən bəri Ukraynanın itirdiyi ərazilər üzərində Rusiyanın yurisdiksiyasını tanımır. Kiyev həmçinin Rusiyaya qarşı sanksiyaların mərhələli şəkildə götürülməsini, lakin onların yenidən tətbiq olunma imkanını da nəzərdə tutur və tam təzminat ödənilənədək Rusiyanın suveren aktivlərinin dondurulmasını təklif edir.

İki ölkə liderlərinin görüşü isə yekun sülh sazişinin əsas müddəalarının razılaşdırılması üçün şərt kimi göstərilir.

Moskva öz təkliflər layihəsini açıqlamayıb. Rusiya Xarici İşlər Nazirliyi (XİN) isə Ukraynanın neytral və bloklardan kənar statusunu vurğulayıb, həmçinin rus dilinin istifadəsinə dair qanunun ləğvini qeyd edib.

Bundan əlavə, Rusiya ilhaq edilmiş Krım və Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərinə Moskvanın nəzarətinin tanınmasında israrlıdır.

Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların bu gün, iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılır.

İrkutskdakı Belaya aerodromunda Rusiyanın strateji aviasiya təyyarələrinə zərbələr endirilib
İrkutskdakı Belaya aerodromunda Rusiyanın strateji aviasiya təyyarələrinə zərbələr endirilib

Ukrayna İstanbuldakı danışıqlara mövqeyini gücləndirərək gedir?

Kiyevdən gedəcək nümayəndə heyətinə müdafiə naziri Rustem Umerovun rəhbərlik edəcəyi bildirilib. Onu digər rəsmi şəxslər də müşayiət edəcək.

Rusiya xəbər agentlikləri isə bildirib ki, Moskvanın nümayəndə heyətinə prezident Vladimir Putinin müşaviri Vladimir Medinski rəhbərlik edir.

ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq ABC telekanalına verdiyi müsahibədə bildirib ki, ABŞ, Almaniya, Fransa və Britaniya rəsmiləri iyunun 2-də keçiriləcək görüş üçün İstanbulda olacaqlar.

Dövlət Departamenti isə iyunun 1-də dövlət katibi Marko Rubio və onun rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığının baş tutduğunu və tərəflərin qarşıdan gələn danışıqları müzakirə etdiyini bildirib.

Qeyd olunub ki, zəng Rusiya tərəfinin xahişi ilə baş tutub və Rubio prezident Donald Trampın "dayanıqlı sülhə nail olunması" üçün birbaşa danışıqların davam etdirilməsinə dair çağırışını bir daha təkrarlayıb.

Danışıqlara doğru irəliləyərkən Ukrayna da mövqeyini gücləndirmiş kimi görünür. İyunun 1-də Ukrayna qüvvələrinə məxsus dronlar Rusiya ərazisində müxtəlif aviabazaları vurub. Dronlar ölkə ərazisinə taxta daşıyan konteynerlər və yük maşınlarında gizli şəkildə keçirilib.

Kiyev və Moskva danışıqlara doğru irəliləyərkən, tərəflərin mövqeləri bir-birindən tamamilə uzaq olaraq qalır və ekspertlərin fikrincə, bu görüşdə də irəliləyişə nail olunması ehtimalı azdır.

Rusiya tərəfi daha əvvəl bildirib ki, görüş zamanı sülh razılaşmasına dair şərtlərini əks etdirən memorandumu təqdim edəcək. Kiyev isə görüşdə iştirak etməyə hazır olduğunu, lakin əvvəlcə Rusiyanın müharibəyə son qoymaqla bağlı təkliflərini görmək istədiyini bildirib.

XS
SM
MD
LG