Azərbaycana keçdiyi bildirilən erməni yeniyetmələr tapılıb

Sünik

Sünik vilayətinin Teğ icmasının itkin düşmüş iki yeniyetmə sakini tapılıb, onlar hazırda Ermənistandadır. Bu barədə Ermənistan Respublikası Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Azərbaycan tərəfi onların saxlanması faktını təsdiqləməyib və hadisə ilə bağlı hər hansı açıqlama verməyib.

"Karen Canqiryan və Andrey Qyaqunts Teğ icmasındadırlar, sağlamlıq durumları yaxşıdır". Bu haqda icma rəhbərliyi Facebook-da yeniyetmələrin fotosunu yerləşdirərək yazıb.

Ermənistan iki yeniyetmənin azıb Azərbaycana keçdiyini bildirir

Ermənistanın Sünik vilayətinin iki yeniyetmə sakininin azaraq Azərbaycan ərazisinə keçdiyi bildirilir. Bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti (MTX) məlumat yayıb.

"Alınan məlumata görə, Ermənistanın Sünik bölgəsinin Teğ kəndinin sakinləri Karen Canqiryan və Andrey Qyaqunts 2025-ci il iyunun 6-sı gecə saat 01:20 radələrində Sünik vilayətinin Aravus kəndinin yaxınlığında yolunu azaraq Azərbaycan ərazisinə giriblər", - məlumatda bildirilir.

Teğ kənd şurasının üzvü Arqam Ovsepyan AzadlıqRadiosunun erməni xidmətinə deyib ki, hadisə gecə yarısından sonra oğlanlar atları gətirməyə gedən zaman baş verib. Ovsepyanın sözlərinə görə, onlar azıblar və Azərbaycan ərazisinə keçiblər.