ABŞ hökuməti Harvard Universitetinin xarici tələbələri qəbul etmək imkanını əlindən alıb. Bundan əlavə, prezident Donald Trampın administrasiyası hazırda ABŞ-də təhsil alan xarici tələbələri başqa təhsil müəssisələrinə köçməyə məcbur edir, əks halda, onlar ölkədə qanuni qalmaq hüququnu itirəcəklər. Bu barədə mayın 22-də Daxili Təhlükəsizlik Nazirliyi məlumat yayıb.
Nazir Kristi Noem Harvard Universitetinin tələbə mübadiləsi proqramını zorakılığı, antisemitizmi təşviq etməkdə və Çin Kommunist Partiyası ilə "koordinasiyalı" hərəkətlərdə günahlandıraraq onun sertifikatının ləğvinə göstəriş verib.
Daha əvvəl universitet Noemin rəhbərlik etdiyi qurumun tələbi ilə bəzi xarici tələbələr barədə məlumat verməkdən imtina etmişdi. "Universitetlər üçün xarici tələbələri qəbul etmək və onların daha yüksək təhsil haqqından yararlanaraq milyardlarla dollarlıq fondlarını artırmaq bir hüquq deyil, imtiyazdır", –Noem vurğulayıb.
Harvard Universiteti Tramp administrasiyasının minlərlə tələbəyə təsir edən addımlarını qanunsuz, qisas xarakterli və ali məktəbin akademik və tədqiqat missiyasını sarsıdan hərəkətlər kimi qiymətləndirib. Universitet zərər çəkmiş tələbələrə dəstək olacağını vəd edib.
"Reuters" universitetin statistikasına istinadən bildirib ki, 2024–2025-ci tədris ilində Harvard Universiteti 6 min 800-dək xarici tələbə qəbul edib ki, bu da ümumi tələbə sayının 27 faizini təşkil edir.
Prezident D.Tramp ölkə daxilində özəl kollec və məktəbləri yenidən qurmağa çalışır, onları anti-Amerika, marksist və radikal solçu ideologiyanı təbliğ etməkdə ittiham edir. Tramp Harvardı fakültə və ya rəhbər vəzifələrə tanınmış demokratları işə götürdüyünə görə tənqid edib.
Apreldə bildirilib ki, Tramp administrasiyası Harvard Universitetini vətəndaş hüquqları qanunlarını pozmaqda və antisemitizmlə lazımi səviyyədə mübarizə aparmamaqda günahlandıraraq universitetə 2.2 milyard dollar federal maliyyəni dayandıracağını elan edib. Ağ ev həmçinin Kolumbiya Universitetinə 400 milyon dollara yaxın maliyyəni dayandırıb. Bu addımlar 2023-cü ildən bəri İsrailin Qəzzada apardığı hərbi əməliyyatlardan sonra ABŞ universitetlərində Fələstinə dəstək xarakterli tələbə etirazları dalğasına cavab olaraq atılıb.