Polşa Rusiyanın Krakovdakı konsulluğunu bağlayır. Bu barədə Polşanın xarici işlər naziri Radoslav Sikorski bildirib. O, bu qərarı ötən il Rusiya kəşfiyyat orqanlarının Varşavada ticarət mərkəzində təşkil etdiyi təxribatla əsaslandırıb.
Konsulluğun tam olaraq nə vaxt fəaliyyətini dayandıracağı, hələlik, açıqlanmayıb.
Mayın 11-də Polşa hökuməti rəsmi olaraq Rusiya kəşfiyyat orqanlarını 2024-cü ilin mayında Varşavadakı "Marywilska 44" ticarət mərkəzini yandırmaqda ittiham edib.
Polşanın daxili işlər naziri Tomaş Semonyak və ədliyyə naziri Adam Bodnar X platformasında birgə bəyanat yayıb. Bəyanatda bildirilib ki, "Marywilska 44" ticarət mərkəzindəki yanğın "Rusiya xüsusi xidmət orqanlarının sifarişi ilə törədilmiş qəsdən yandırma nəticəsində baş verib".
"Biz yanğının törədilmə qaydası və gedişatı, həmçinin onun cinayətkarlar tərəfindən necə sənədləşdirildiyi barədə ətraflı məlumata sahibik. Onların fəaliyyəti Rusiya Federasiyasında yerləşən və şəxsiyyəti müəyyən edilmiş bir şəxs tərəfindən təşkil olunub və idarə edilib. Cinayətkarların bir neçəsi artıq saxlanılıb, digərləri müəyyən edilib və axtarışdadır", –bəyanatda qeyd olunub.
Varşavanın şimalında yerləşən ən iri ticarət mərkəzlərindən biri olan "Marywilska 44"də yanğın 2024-cü ilin mayın 12-də olub. Yanğın nəticəsində təxminən 1500 icarə obyekti məhv olub.
Alov çox qısa müddətdə və geniş ərazini əhatə etdiyi üçün ekspertlər elə o vaxt binanın qəsdən yandırılmasını ehtimal etmişdilər. Təxminən eyni vaxtda Avropa İttifaqına üzv başqa bir neçə ölkədə də oxşar aktlar törədilmişdi. KİV-lər öz mənbələrinə istinadən yazırdı ki, hakimiyyət orqanları Rusiya xüsusi xidmət orqanlarını şübhəli hesab edir. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları bu insidentləri törətmək üçün kriminal dairələri ələ alıblar.
Rusiya tərəfi, hələlik, Polşa tərəfinin açıqlamalarına və Krakovdakı konsulluğun bağlanmasına şərh verməyib.