Keçid linkləri

2025, 08 İyun, bazar, Bakı vaxtı 12:47

'Pautina' əməliyyatı: Ukrayna Rusiyanın 13 təyyarəsinin məhv edildiyini bildirir


Масштабная спецоперация Украины в тылу России – дроны атаковали военные аэродромы в четырех регионах
Gözlə

No media source currently available

0:00 0:01:29 0:00

Rusiyanın arxa cəbhəsində Ukraynanın xüsusi əməliyyatı - dronlar dörd bölgədəki hərbi aerodromlara hücum etdi.

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andriy Kovalenko bildirib ki, Ukraynanın Rusiyanın hərbi aerodromlarına endirdiyi dron zərbələri nəticəsində 13 təyyarə məhv edilib. Onun sözlərinə görə, "daha çox" təyyarə isə zədələnib.

İyunun 1-də Ukrayna "Pautina" adlı ən böyük əməliyyatlardan birini həyata keçirərək Rusiyanın Ryazan vilayətindəki "Dyaqilevo", İrkutsk vilayətindəki "Belaya", Murmansk vilayətindəki "Olenya" və İvanovo vilayətindəki "İvanovo" hərbi hava bazalarına zərbələr endirib. Ukrayna prezidenti Volodimir Zelenski əməliyyatda 117 FPV pilotsuz təyyarəsinin iştirak etdiyini və strateji qanadlı raket daşıyıcılarının 34 faizinin vurulduğunu bildirib.

OSINT-in analitiki Kris Biqqers iyunun 2-də İrkutsk vilayətindəki "Belaya" aerodromunun peykdən çəkilmiş şəkillərini yayıb. Görüntülərdə dördü Tu-95 bombardmançı təyyarəsi və eyni sayda Tu-22 təyyarəsi olmaqla ümumilikdə səkkiz təyyarənin vurulduğu görünür.

Ukraynanın "Oko Gora News and Analytics" resursu Murmansk vilayətindəki "Olenya" aerodromunun görüntülərini dərc edib. Qeyd olunub ki, Ukraynanın pilotsuz uçuş aparatları Rusiyanın beş təyyarəsini - dörd Tu-95 və bir An-12 - vurub

Ukrayna mətbuatı isə Ukrayna xüsusi xidmət orqanlarına istinadən yazıb ki, Ukrayna hökuməti ilyarımdır Rusiyaya məxsus hərbi aerodromlara hücum əməliyyatına hazırlaşıb. Prosesə şəxsən Ukrayna prezidenti Zelenski nəzarət edib və Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasil Malyuk və idarənin əməkdaşları tərəfindən həyata keçirilib. Xüsusi xidmətin məlumatına görə, Rusiyaya əvvəlcə pilotsuz uçuş aparatları, daha sonra konteynerlər gətirilib, sonradan PUA-lar bu konteynerlərdə gizlədilib. SBU-nun 41 Rusiya təyyarəsinə hücum etdiyi və əməliyyatda iştirak edən şəxslərin artıq Ukraynaya qayıtdığı iddia edilir.

Rusiyanın Teleqram kanallarının verdiyi məlumata görə, Ukraynaya məxsus FPV pilotsuz uçuş aparatları Çelyabinskdəki anbarda saxlanılıb və onların buraxıldığı yük maşınlarında Çelyabinsk nömrə nişanı olub. Təhlükəsizlik qüvvələrinə yaxın olan "Baza" kanalının məlumatına görə, müstəntiqlər yük maşınlarının sürücülərini dindiriblər. Onlardan biri, 55 yaşlı Çelyabinsk sakini Aleksandr bildirib ki, avtomobilin sahibi 37 yaşlı Artyomdur. O, Murmansk vilayətindən olan bir sahibkardan sifariş alıb. Sahibkar Murmansk vilayətinin Kola rayonuna dörd karkas evin çatdırılmasını istəyib.

Çelyabinsk sakini qiyməti razılaşdırdıqdan sonra "malları" yükləyərək təyinat nöqtəsinə yola düşüb. Yolda olarkən naməlum şəxs onunla əlaqə saxlayaraq harada dayanmalı olduğunu bildirib. Son tapşırıq hərbi aerodrom yaxınlığındakı "Rosneft" yanacaqdoldurma məntəqəsində dayanmaq olub, oradan pilotsuz uçuş aparatları havalanıb.

Digər sürücülər də oxşar şeylər deyiblər. 46 yaşlı Sergey bildirib ki, Ryazana daxil olan zaman avtomobili idarə edərkən avtomobilinin üstü qopub və oradan dronlar uçmağa başlayıb. Hüquq-mühafizə orqanları həmin maşınların sahibini axtarır. İlkin məlumata görə, bu şəxs Ukrayna əsillidir.

"Müharibə artıq bizə də çatıb"

Üç ildən artıqdır ki, Rusiyanın əksər hissəsi Moskvanın Ukraynaya qarşı başlatdığı genişmiqyaslı işğal müharibəsini uzaqdan izləyirdi.

Ancaq indi rusiyalıların bəziləri deyir ki, müharibə artıq onların qapısına qədər gəlib. Bu fikirlər Ukraynanın son cəsarətli hücumundan sonra – iyunun 1-də çoxsaylı dronların Rusiyaya gizlicə keçirilərək onlarla uzaqmənzilli bombardmançı təyyarəni məhv etməsindən sonra səsləndirilir.

Ukraynanın dronlar vasitəsilə İrkutsk, Murmansk, Ryazan və İvanovo vilayətlərindəki hərbi hava bazalarına zərbələr endirməsi Rusiya hökumətini və vətəndaşlarını şoka salıb.

"Bu, alovlu bir cəhənnəm idi", - İrkutsk vilayətinin sakinləri AzadlıqRadiosunun "Sibir Reallıqları"na hücumu təsvir edərkən deyiblər.

Sibirdə, hadisə yerindən təxminən 4 min kilometr uzaqda yaşayan sakinlər belə bu hadisədən sarsılmış görünür.

"İndi müharibə bizə də çatıb", - sakinlər "Sibir Reallıqları"na bildiriblər.

Şahidlərin sözlərinə görə, dronlar R-255 "Sibir" avtomobil yolunda dayanan bir yük maşınından havaya qalxıb. Bu məlumatı regionun qubernatoru İqor Kobzev də təsdiqləyib və qeyd edib ki, bu, Sibirə ilk dron hücumu idi.

İrkutsk vilayətinin Sredniy kəndində yerləşən "Belaya" hərbi bazasına dron hücumu nəticəsində ən azı bir nəqliyyat təyyarəsi məhv edilib. Bunu hadisənin şahidlərindən biri bildirib və hücumun azı bir saat yarım davam etdiyini söyləyib.

"Mən bütün kabusu durbinlə izləyirdim – bu, həqiqətən də dəhşətli mənzərə idi", - özünü Roman kimi təqdim edən şahid AzadlıqRadiosuna bildirib.

"Əvvəlcə partlayış səsi eşitdik və böyük tüstü sütunu gördük. Əvvəl elə bildim ki, yenə bir təyyarə qəzaya uğrayıb — iki ay əvvəl bu hava bazasında bir bombardmançı təyyarə düşmüşdü. Sonra isə aydın şəkildə dörd güclü partlayış gördüm. Çünki hər partlayışdan sonra boz tüstü qalxmağa başladı... Və nəqliyyat təyyarəsinə dəydikdə, elə bil bütün hava limanı alova büründü", —şahid bildirib.

Aerodromun yaxınlığındakı Buret şəhərindən olan başqa bir şahid deyib: "Evimiz partlayış dalğasından bir neçə dəfə silkələndi".

Ukraynanın Rusiyanın İrkutsk vilayətinə dron hücumu.
Ukraynanın Rusiyanın İrkutsk vilayətinə dron hücumu.

1 iyun hücumu Ukraynanın aylardır Rusiya daxilində gizli və aşağı intensivlikli bir kampaniya apardığı bir vaxtda, Rusiyanın hərbi və kəşfiyyat orqanları üçün daha bir böyük rüsvayçılıq kimi qiymətləndirilir.

Kiyev adətən bu cür hücumları – yəni dronlardan və, ehtimal ki, xüsusi təyinatlı qüvvələrdən istifadə olunaraq yanacaq anbarları, boru kəmərləri kimi hədəflərə edilən və, əsasən, Ukrayna-Rusiya sərhədinə yaxın əraziləri əhatə edən zərbələri – etiraf etmir.

1 iyun dron hücumları barədə xəbərlər Rusiyanın qərbində dəmiryolu infrastrukturuna ziyan vuran və azı səkkiz nəfərin ölümünə səbəb olan iki hadisədən cəmi bir neçə saat sonra yayılıb.

Mayın 31-i axşam Bryanskda və iyunun 1-i səhər saatlarında Kurskda baş verən iki hadisənin bir-biri ilə əlaqəli olub-olmadığı məlum deyil. Rusiya İstintaq Komitəsi bu hadisələrə dair əlavə təfərrüat vermədən, onları "qanunsuz müdaxilə" ilə izah edib.

İrkutskda qubernator İ.Kobzev bölgə sakinlərini sakit olmağa çağırsa da, bəziləri artıq müharibədən bezdiklərini bildirirlər.

"Müharibə dördüncü ildir davam edir, beşinci ildə nə olacaq? Vuruşmağı bacarmırsınızsa, sülh bağlayın, özünüzü biabır etməyin", - özünü Marina kimi təqdim edən bir qadın deyib.

Ölkənin bu qədər dərinliklərinə qədər bir yük maşınının daxil olub belə bir əməliyyatda istifadə olunmasını nəzərə alaraq, digər vətəndaşlar da növbəti hücumların ola biləcəyi qorxusu fonunda hakimiyyətin onları qorumaq qabiliyyətini sorğulamağa başlayıblar.

"Necə? Bu necə mümkündür? Bu maşınları necə buraxıblar? O qədər sual var ki", - özünü Svetlana kimi təqdim edən bir qadın deyib.

Murmansk vilayətinin qubernatoru Andrey Çibis pilotsuz uçuş aparatlarının Oleneqorsk şəhəri yaxınlığında park edilmiş yük maşınından atıldığını təsdiqləyib.

Ərazidən olan şahidlər "Sibir Reallıqları"na bildiriblər ki, onlar aviabazada ən azı 10 partlayış müşahidə ediblər.

"Müharibə Oleneqorskda da başlayıb. Partlayışlardan yaranan tüstü meşənin arxasından qalxır", - bir şəxs bildirib. Onun sözlərinə görə, PUA-ların daşındığı ehtimal edilən yük maşınının sürücüsü polis tərəfindən həbs olunub.

XS
SM
MD
LG